Ceyhun Bayramov ABŞ rəsmisi ilə TRIPP-i müzakirə etdi

17:49 13.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) baş icraçı direktoru Ben Blak ilə görüşüb.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı, Azərbaycan-ABŞ çoxşaxəli əməkdaşlığının inkişaf perspektivləri, enerji, nəqliyyat-tranzit, yüksək texnologiyalar və investisiya imkanları müzakirə edilib. Bununla yanaşı, Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında strateji bağlantılarda əhəmiyyətli rolu, liman və logistika infrastrukturu, enerji təhlükəsizliyi məsələləri, eləcə də regional nəqliyyat layihələri ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər Azərbaycan ilə ABŞ arasında münasibətlərin inkişafında 2025-ci ildə keçirilmiş tarixi Vaşinqton sammitinin xüsusi əhəmiyyətini vurğulayaraq, həmin görüşün ikitərəfli əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi üçün mühüm zəmin yaratdığını bildirib. Bu çərçivədə iqtisadiyyat, enerji, nəqliyyat bağlantıları və yüksək texnologiyalar, habelə təhlükəsizlik kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması məmnunluqla qeyd edilib. Bu çərçivədə görülən işlər müzakirə edilib.

Regional nəqliyyat layihələri çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək TRIPP layihəsinin icrası məsələləri nəzərdən keçirilib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.